10.08.2024

Agentlik regionlarda yaşayan əlilliyi olan şəxslərin inteqrasiyası üçün tədbirlər keçirir

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bölgələrdə yaşayan əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaq məqsədilə “Regionların transformasiyası” layihəsi keçirilir.

Layihə əlilliyi olan şəxslərin cəmiyyət həyatında tam həcmdə iştirakına və sosial inteqrasiyasına şərait yaratmaq, ucqar ərazilərdə yaşayan əlilliyi olan şəxslərin reabilitasiyaya cəlb edilməsi məqsədi daşıyır.

Tədbirlər zamanı əlilliyi olan və olmayan şəxslərin birgə fəaliyyətə cəlb edilməsi ilə inklüziv mühitin dəstəklənməsi, əlilliyi olan şəxslərin reabilitasiya imkanları və müəssisələri barədə məlumatlandırılması təmin edilir.

Layihə üzrə tədbirlərin müxtəlif dövlət qurumları, idarə və təşkilatlarla birgə əməkdaşlıq çərçivəsində keçirilməsi əlaqələrin genişləndirilməsinə də imkan yaradır.

Layihə çərçivəsində cari ilin 6 ayı ərzində Agentliyin reabilitasiya müəssisələri tərəfindən 130-dan çox tədbir keçirilib.

Həyata keçirilən tədbirlərdən sonra 150-ə yaxın əlilliyi olan şəxs ilk dəfə reabilitasiya xidmətlərindən faydalanıb.