Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzi tərəfindən əlilliyi olan şəxslərin “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyası təşkil olunub.
Ekskursiya çərçivəsində əlilliyi olan şəxslər üçün qoruğun daxilində yerləşən “Terracota Ceramic” əl işləri üzrə yaradıcılıq və inkişaf mərkəzində dulusçuluq sənəti üzrə master-klas da təşkil edilib. Dulusçuluq sənəti üzrə keçirilən master-klasda 20-ə yaxın əlilliyi olan şəxs, o cümlədən müharibə veteranları və şəhid ailəsi üzvləri iştirak ediblər.
Qeyd edək ki, gildən müxtəlif əl işləri hazırlamaq əliliyi olan şəxslərin kiçik motorika bacarıqlarının inkişafı üçün faydalıdır. Eləcə də, müxtəlif sənət növləri ilə məşğul olmaq əlilliyi olan şəxslərin emosional vəziyyətinin stabilləşməsinə, əhvali-ruhiyyəsinin yüksəldilməsinə və sosial inteqrasiyasına müsbət təsir göstərir.