14.09.2024

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndə heyəti Almaniyadakı azərbaycanlı həkimlərin III Forumunda iştirak edib

Bonn şəhərində keçirilən Almaniyadakı azərbaycanlı həkimlərin III Forumunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndə heyəti iştirak edib.

Forumda Agentliyin Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri Bahadur Rzayev “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin reabilitasiyası haqqında: görülmüş işlər və hədəflər“ mövzusunda məruzə ilə çıxış edib.

O, Agentliyin tabeliyində biri Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi olmaqla, 16 reabilitasiya müəssisəsinin fəaliyyət göstərdiyini, bu mərkəzlərdə 18 yaşa qədər və 18 yaşdan yuxarı əlilliyi olan şəxslərin reabilitasiya, sosial-psixoloji reabilitasiya xidmətlərinin, həmçinin reabilitasiya vasitələləri ilə təminatının həyata keçirildiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, ötən il Agentlik tərəfindən rekord sayda - 87 mindən çox əlilliyi olan şəxsə 883 mindən çox reabilitasiya xidməti göstərilib.

Təkcə bu ilin 8 ayı ərzində isə 80 mindən çox əlilliyi olan şəxs reabilitasiya xidmətlərindən faydalanıb.

Forumda Almaniyada çalışan həkimlərimizin təcrübələrini paylaşmaları məqsədilə onlayn şəkildə əməkdaşlıqların yaradılması, müvafiq təlimlərin keçirilməsinin təmini, eyni zamanda həkimlərimizin ölkəmizə səfərləri zamanı müəssisələrimizə ziyarətlərinin təşkili, nəzəri və praktiki təlimlərin əyani şəkildə keçirilməsi məsələləri də müzakirə edilib.