21.10.2024

Ukraynalı uşaqların iştirakı ilə ağacəkmə aksiyası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ölkəmizə gətirilərək reabilitasiya xidmətləri göstərilən ukraynalı uşaqların iştirakı ilə ağacəkmə aksiyası keçirilib. 

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbir zamanı uşaqlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzinin həyətində 50-dək eldar şamı əkiblər. 

Qeyd edək ki, Ukraynadan gətirilən bir qrup uşaq həmin Mərkəzdə yerləşdirilərək 10 günlük sosial reabilitasiya proqramına cəlb ediliblər. Məqsəd onların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərməkdir.

Bundan əvvəlki 6 qrupla birlikdə ümumilikdə 200-dən çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.