Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və “Azərbaycan Əlil Velosipedçilərə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə inklüziv veloyürüş təşkil olunub.
Veloyürüş tarixi Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsinin 4-cü ildönümü münasibətilə keçirilib. Dənizkənarı Milli Parkda təşkil olunan veloyürüşdə müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin yetirmələri iştirak ediblər.
İnklüziv veloyürüşün məqsədi müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin asudə vaxtlarının səmərəli təşkili, idmana, o cümlədən para-velosiped idman növünə marağının artırılması, onların cəmiyyətə inteqrasiyasına dəstək verilməsidir.