06.11.2024

Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

Zəfər Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ağacəkmə aksiyası təşkil edilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiyada şəhid ailələri üzvləri və yüksək texnologiyalı, son nəsil protezlərlə təmin edilmiş müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, Agentliyin əməkdaşları və ekokönüllülər iştirak ediblər.

Aksiya zamanı Bakının Müşfiqabad qəsəbəsində torpaq-iqlim şəraitinə uyğun 50-dək zeytun və şam ağacı əkilib.

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.