Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin Əlilliyi olan şəxslərə və Yaşlılara Xidmət Baş İdarəsinin şöbə müdiri Ertan Erdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Agentliyin İdarə Heyətinin sədri Ramin Rzayev son illər ölkəmizdə reabilitasiya sisteminin müasir tələblərə uyğun qurulduğu, əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri, həmçinin yüksək texnologiyalı, son nəsil protezlərlə təminatı sahəsində aparılan işlər barədə qonaqlara məlumatlar verib.
Nümayəndə heyəti ölkəmizdə qurulmuş reabilitasiya infrastrukturunu, əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətlərinin səviyyəsini yüksək qiymətləndirib. E.Erdoğan əlilliyi olan şəxslərə göstərilən xidmətlər sahəsində iki ölkə arasındakı təcrübə mübadiləsinin önəmini vurğulayıb.
Qeyd edək ki səfər “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun tətbiqində dair Fəaliyyət Planı çərçivəsində baş tutub.