Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri alan uşaqlar üçün xüsusi sosial tədbir təşkil olunub.
Tədbir çərçivəsində Qəbələ Futbol Klubunun futbolçuları mərkəzi ziyarət edərək uşaqlarla görüşüblər.
Görüş zamanı futbolçular uşaqlarla səmimi söhbətlər aparıb, onların suallarını cavablandırıb, xatirə şəkilləri çəkdirib və müxtəlif hədiyyələr təqdim ediblər. Daha sonra idmançılar uşaqlarla birlikdə futbol oynayaraq onlara sevinc dolu anlar yaşadıblar.
Tədbirin keçirilməsində əsas məqsəd reabilitasiya prosesində olan uşaqların psixososial inkişafına dəstək olmaq, onların sosial aktivliyini artırmaq və asudə vaxtlarını daha maraqlı və yaddaqalan şəkildə təşkil etməkdir.