Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yaradılmış “Reabilitasiya” altsisteminin tətbiqindən 1 il ötür. Bu münasibətlə altsistemin qurulması və təkmilləşdirilməsində xüsusi əməyi olan Tibbi Sosial Ekspert Kommissiyaları (TSEK) və Reabilitasiya Mərkəzləri əməkdaşları təşəkkürnamə ilə təltif ediliblər.
Reabilitasiya müəssisələrinə əlilliyi olan şəxslərin qəbulu 2021-ci il aprel ayından “Reabilitasiya” altsistemi vasitəsi ilə həyata keçirilməklə, altsistem TSEK və reabilitasiya müəssisələrinin qarşılıqlı elektron fəaliyyətinin təmin olunmasına, reabilitasiya xidmətləri sahəsində şəffaflığın və hesabatlılığın artırılmasına, nəzarət və monitorinq sisteminin gücləndirilməsinə xidmət edir.
Reabilitasiya xidmətlərinə müraciət etmək istəyən əlilliyi olan şəxs (və ya qanuni nümayəndəsi) tək şəxsiyyət vəsiqəsi ilə yaşadığı ərazi üzrə TSEK-ə müraciət etməlidir. TSEK-də e-sistem üzərindən baxılaraq onun istədiyi tarix üzrə hansı reabilitasiya mərkəzinə qəbul ediləcəyi bildirilir. Əlilliyi olan şəxsin seçimi üzrə əvvəlcədən rezervasiyası formalaşdırılır.
Şəxs konkret hansısa mərkəzdə xidmətlə təmin olmaq istədikdə həmin mərkəzin yataq fondunun doluluğu təhlil edilir və mümkün ən yaxın tarix üçün müraciəti rəsmiləşdirilir. Şəxs mərkəzə qəbul ediləcəyi vaxta ən azı 2 iş günü qalmış ona reabilitasiya xidmətinə qəbul ediləcəyi tarix və mərkəz barədə xatırlatma bildirişi yenidən göndərilir.