01.06.2021

Reabilitasiya kursu keçən uşaqlar üçün Hərbi Qənimətlər Parkına ekskursiya və musiqili-əyləncəli tədbir təşkil olunub.

​1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 saylı Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya kursu keçən sağlamlıq imkanları məhdud uşaqların Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil edilib.

Daha sonra Mərkəzdə uşaqlar üçün musiqili-əyləncəli tədbir keçirilib.

Agentliyin 1 və 2 saylı uşaq reabilitasiya mərkəzlərində müasir tələblərə uyğun şərait yaradılıb. Həmin mərkəzlərdə hər il 2500-dək uşaq səmərəli reabilitasiya xidmətləri ilə təmin olunur. Uşaqların diaqnostikası, onların reabilitasiya potensialının müəyyənləşdirilməsi, sosial, tədris-peşə reabilitasiyası tədbirləri də həyata keçirilir.

Cari ildə bölgələrdə (Şəmkir, Qəbələ) daha iki belə mərkəzin açılması nəzərdə tutulur. Həmin mərkəzlərdə də il ərzində 2000-dək sağlamlıq imkanları məhdud uşaq fizioterapevtik müalicə prosedurları əsasında reabilitasiya xidmətləri ilə təmin ediləcək.