23.07.2025

Media nümayəndələri bərpa müalicəsi alan əlilliyi olan şəxslər üçün veloreabilitasiya xidməti ilə tanış olublar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində bərpa müalicəsi alan əlilliyi olan şəxslər üçün veloreabilitasiya xidmətlərinə mediatur təşkil edilib

Layihə Heydər Əliyev Fondunun dəstəyi, Dənizkənarı Bulvar İdarəsinin təşkilati dəstəyi və "Azərbaycan Azərbaycan Əlil Velosipedçilərə Dəstək" İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilir.

Budəfəki reabilitasiya xidmətindən Agentliyin nəzdində 1 saylı Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya kursuna cəlb edilən əlilliyi olan uşaqlar yararlanıb.

Bu xidmət 3 ay müddətində Dənizkənarı Milli Parkda təşkil olunacaq.

Məqsəd əlilliyi olan şəxslərin asudə vaxtlarının səmərəli təşkili, idmana, o cümlədən para-velosiped idman növünə marağının artırılması, onların cəmiyyətə inteqrasiyasına dəstək verilməsidir.

Əl velosipedləri əzələlərin aktivliyini artırır, qan dövranını yaxşılaşdırır, kənar şəxsin köməyi olmadan sərbəst hərəkət stresin azalmasına, əhvalın yüksəlməsinə və özünə inamın artmasına səbəb olur.