07.11.2025

Reabilitasiya müəssisələrimiz: Şağan Reabilitasiya Pansionatı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 250 çarpayılıq Şağan Reabilitasiya Pansionatı ölkənin ən böyük reabilitasiya müəssisəsidir.

Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə inşa edilərək 2003-cü ildə istifadəyə müəssisə əlilliyi olan şəxslərin, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri ilə təminatında mühüm rola malikdir. Prezident İlham Əliyevin tapşırığı əsasında son illər digər reabilitasiya müəssisələri kimi, Şağan Reabilitasiya Pansionatının da müasir tələblərə uyğun qurulması işləri aparılıb və 2021-ci ildə dövlətimizin başçısının iştirakı ilə Pansionatın əsaslı təmirdən sonra açılışı olub.

Pansionatda:

  • əlilliyi olan şəxslər tibbi reabilitasiya xidmətləri çərçivəsində fizioterapiya, müalicəvi bədən tərbiyəsi, robotik terapiya, hidroterapiya, masaj və s. xidmətləri ilə təmin edilir;
  • sosial-psixoloji reabilitasiya çərçivəsində psixoloji diaqnostika, psixoloji korreksiya, loqoped qəbulu, əmək terapiyası həyata keçirilir;
  • əlilliyi olan şəxslərin xəstəlikləri nəzərə alınmaqla dietik və rasional qidalanması təşkil edilir;
  • əlilliyi olan şəxslər yaş və sağlamlıqlarına uyğun şəkildə müalicə idmanına cəlb edilir, onlar arasında sağlam həyat tərzi təbliğ olunur;
  • əlilliyi olan şəxslərin mədəni-kütləvi tədbirlərə cəlb edilməsi, onlarda gigiyenik vərdişlərin tərbiyə edilməsi və s. istiqamətlərdə işlər aparılır.

Zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanmış qəhrəmanlarımızın reabilitasiya xidmətləri ilə təminatına mühüm töhfə verən Şağan Reabilitasiya Pansionatında bu müharibədən sonrakı dövrdə 1200-dək müharibəsi iştirakçısına reabilitasiya xidmətləri göstərilib.

Peşəkar həkim komandasının səyləri, müasir və effektiv reabilitasiya üsullarının tətbiqi hesabına onların bir qismi artıq əvvəlki sağlamlıqlarına qovuşaraq əlilliklərini geridə qoyublar.

Bu ilin 10 ayı ərzində Pansionatda 7400-dən çox əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib.