10.04.2025

Reabilitasiya müəssisəsinə infotur təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şağan Reabilitasiya Pansionatına vətəndaş cəmiyyəti institutları nümayəndələrinin infoturu təşkil olunub.

Tədbir reabilitasiya xidmətləri sahəsində görülən işlər və icra edilən layihələr barədə QHT-lərin daha ətraflı məlumatlandırılması, onların bu sahə ilə bağlı rəy və təkliflərinin öyrənilməsi məqsədi daşıyıb.

İnfotur iştirakçıları müasir tələblərə uyğun qurulmuş müəssisədə yaradılan şəraitlə, burada əlilliyi olan şəxslərə göstərilən tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri ilə tanış olublar. 

Agentliyin İdarə Heyəti sədrinin müşaviri Bahadur Rzayev son illər reabilitasiya sahəsində aparılan islahatlar, reabilitasiya infrastrukturunun müasirləşdirilməsi və şəbəkəsinin genişləndirilməsi istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat verib. 

Görüşdə reabilitasiya sahəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb, vətəndaş cəmiyyəti institutları nümayəndələrinin rəy və təklifləri dinlənilib.