17.05.2022

Sağlamlıq imkanları məhdud uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başlayıb.

Avtobus Sumqayıt şəhəri, Masazır qəsəbəsi, 20 Yanvar dairəsi, Koroğlu metrostansiyası istiqamətində əvvəlcədən təyin olunmuş gözləmə məntəqələrindən uşaqları götürərək Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır.

Məqsəd Bakı və ətraf ərazilərdə yaşayan, nəqliyyat problemi olan sağlamlıq imkanları məhdud uşaqların ambulator və icma əsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaqdır. Yeni xidmət habelə həmin uşaqlara göstərilən ambulator reabilitasiya xidmətlərinin davamlılığını və effektivliyini təmin etməyə yönəlib.  

İlkin mərhələdə xidmət tələbata uyğun olaraq müəyyən edilmiş marşrutlar üzrə həftədə iki dəfə təşkil edilir.