Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Ramin Rzayev Vətən müharibəsinin 5-ci ildönümü münasibətilə şəhid baş leytenant Şahid Əhmədlinin ailəsini ziyarət edib.
Möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində şücaətlər göstərmiş Ş.Əhmədli Talış kəndinin azad edilməsi uğrunda döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin Sərəncamları ilə o, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi yubiley”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi yubiley”, III dərəcəli “Vətənə xidmətə görə” medalları ilə təltif edilib.
Görüş zamanı R.Rzayev Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızdan olan Şahid Əhmədlinin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıb.
Şəhidimizin ailəsi sosial təminatla əhatə olunub. Ailəyə birdəfəlik sığorta ödənişi verilib, mənzillə təmin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ailə üzvlərinə Prezidentin aylıq təqaüdü və ailə başçısını itirməyə görə pensiya ödənilir.