28.04.2022

Şəhid polkovnik-leytenant Ruslan Tağıyevin ailəsi ziyarət olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov Ramazan bayramı ərəfəsində şəhid polkovnik-leytenant Ruslan Tağıyevin ailəsini ziyarət edib.

Möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində şücaətlər göstərmiş R.Tağıyev Laçın rayonunun azad edilməsi uğrunda döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin Sərəncamları ilə o, "Vətən uğrunda",  "İgidliyə görə",  "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Görüş zamanı A.Bayramov Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızdan olan Ruslan Tağıyevin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıb.

Şəhidimizin ailəsi sosial təminatla əhatə olunub. Ailəyə birdəfəlik sığorta ödənişi verilib, maddi yardım göstərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ailə üzvlərinə Prezidentin aylıq təqaüdü və ailə başçısını itirməyə görə pensiya ödənilir.