Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə “Regionların transformasiyası” tədbiri çərçivəsində Sumqayıt Reabilitasiya Mərkəzində stasionar və ambulator müalicə kursu keçən əlilliyi olan şəxslər üçün Sosial Xidmətlər Agentliyinin Paralimpiya İdman Kompleksinə tanışlıq səfəri təşkil edilib.
Məqsəd əlilliyi olan şəxslərin sosial inteqrasiyasını gücləndirmək, motivasiyalarını artırmaq, idman və sağlam həyat tərzinə maraqlarını təşviq etməkdir.
İştirakçılar Paralimpiya Kompleksinin infrastrukturu, burada yaradılan şərait, müxtəlif idman növləri və reabilitasiya imkanları ilə yaxından tanış olublar.
Tədbir çərçivəsində iştirakçılara paralimpiya hərəkatının əhəmiyyəti, idmanın fiziki və psixoloji sağlamlığa müsbət təsiri barədə ətraflı məlumat verilib.
Tanışlıq səfəri əlilliyi olan şəxslərin cəmiyyətə daha fəal inteqrasiyasına töhfə verməklə yanaşı, öz potensiallarına inamlarının möhkəmləndirilməsinə də xidmət edib.
Qeyd edək ki, bu kimi təşəbbüslər sosial reabilitasiyanın gücləndirilməsi, inklüzivliyin artırılması və əlilliyi olan şəxslərin aktiv həyat tərzinə cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır.