22.05.2025

Türkiyə nümayəndə heyəti Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi və Bakı Reabilitasiya Mərkəzi ilə tanış olub

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin Əlillər və Yaşlılara Xidmət Baş İdarəsinin nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi və Bakı Reabilitasiya Mərkəzi ilə tanış olub.

Nümayəndə heyətinə son illər ölkəmizdə reabilitasiya sisteminin müasir tələblərə uyğun qurulması, əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri, həmçinin yüksək texnologiyalı, son nəsil protezlərlə təminatı sahəsində aparılan işlər barədə məlumat verilib.

Səfər çərçivəsində Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Əlilliyi olan şəxslər və Yaşlılara Xidmət Baş İdarəsinin nəzdindəki Yeniməhəllə Görmə Məhdudiyyətlilər Reabilitasiya Mərkəzinin təlimçiləri tərəfindən Agentliyin əməkdaşları üçün təlim keçirilib.

Üç gün davam edən təlimlərdə görmə məhdudiyyətli şəxslərin sosial-məişət adaptasiya proqramları, Brayl əlifbası və brayl vasitələri ilə hesablama texnikaları və s. mövzulardan bəhs olunub. Təlimlər əməkdaşların görmə məhdudiyyətli şəxslərə reabilitasiya xidmətləri göstərilməsi istiqamətində bilik və bacarıqlarını artırmaq, onları bu sahədə müasir yanaşmalar və metodologiyalarla tanış etmək məqsədi daşıyıb.