Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Türkiyənin Başkənt Universitetinin (Başkent Üniversitesi) prorektoru prof. dr. Abdulkadir Varoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov ölkəmizdə #əlillik və #reabilitasiya sahəsində aparılan islahatlar, əlilliyi olan şəxslər üçün ölkəmizdə yaradılan müasir reabilitasiya infrastrukturu barədə nümayəndə heyətinə məlumat verib.
O, reabilitasiya xidmətlərinin təşkili və qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, peşəkarlıq səviyyəsinin artırılması üçün görülən işləri, Agentlik qarşısında duran hədəfləri diqqətə çatdırıb.
A.Bayramov bu sahədə bir sıra qurumlarla, eləcə də qardaş ölkənin müvafiq təşkilatları ilə əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayıb.
A.Varoğlu Agentliyin Bakı şəhərindəki reabilitasiya mərkəzlərində olduğunu, həmin mərkəzlərdə əlilliyi olan şəxslər üçün yaradılan müasir şəraitdən, göstərilən effektiv reabilitasiya xidmətlərinən bəhs edib. O, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə Başkənt Universiteti arasında reabilitasiya sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasının qarşılıqlı faydalı olacağını bildirib.
Görüşdə reabilitasiya sahəsində beynəlxalq təcrübənin və idarəetmə standartlarının tədbiqi, həkim, tibb bacıları, müalicəvi idman təlimatçılarının bilik və bacarıqlarının artırılması məqsədi ilə reabilitasiya müəssisələrində təlimlərin təşkili, Başkənt Universiteti tərəfindən Agentliyin reabilitasiya mərkəzlərində təcrübə proqramlarının tətbiqi və s. sahələrə gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.