03.12.2025

Uşaq Reabilitasiya Mərkəzlərinin benefisiarları 3 Dekabr- Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə “Happyland” əyləncə mərkəzinə aparılıb

3 Dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri alan əlilliyi olan uşaqlar üçün xüsusi əyləncə proqramı təşkil edilib.

Təşkil olunan sosial tədbir çərçivəsində uşaqlar “Happyland” əyləncə mərkəzinə aparılıb, onlar üçün müxtəlif oyunlar, interaktiv və əyləncəli proqramlar təşkil olunub. Tədbirin əsas məqsədi reabilitasiya prosesində olan uşaqların psixo-sosial inkişafına dəstək verməklə asudə vaxtlarının səmərəli təşkili, eləcə də, əyləncəli mühitdə unudulmaz bir gün yaşamalarına şərait yaratmaq olub.

Agentliyin nümayəndələri bildiriblər ki, bu kimi sosial tədbirlər uşaqların reabilitasiya prosesinə müsbət təsir göstərir, onların emosional rifahını gücləndirir və sosial bacarıqlarının inkişafında mühüm rol oynayır.

Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə keçirilən bu tədbir həmçinin cəmiyyətdə inklüzivliyin təşviqi, uşaqların fərdi inkişafının dəstəklənməsi və onların cəmiyyətə daha fəal inteqrasiyasına xidmət edir.