17.02.2026

Uşaq Reabilitasiya Mərkəzlərinin benefisiarları “Happyland” əyləncə mərkəzində olublar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri alan əlilliyi olan uşaqlar üçün xüsusi əyləncə proqramı təşkil edilib.

Təşkil olunan sosial tədbir çərçivəsində uşaqlar “Happyland” əyləncə mərkəzinə aparılıb, onlar üçün müxtəlif oyunlar, interaktiv və əyləncəli proqramlar təşkil olunub. Tədbirdən sonra uşaqlar “McDonald’s" restoranında nahar ediblər. 

Tədbirin əsas məqsədi reabilitasiya prosesində olan uşaqların psixososial inkişafına dəstək verməklə asudə vaxtlarının səmərəli təşkili, eləcə də, əyləncəli mühitdə unudulmaz bir gün yaşamalarına şərait yaratmaq olub. 

Qeyd edək ki, bu kimi sosial tədbirlər uşaqların reabilitasiya prosesinə müsbət təsir göstərir, onların emosional rifahını gücləndirir və sosial bacarıqlarının inkişafında mühüm rol oynayır.