“Vətən bağı al-əlvandır” adlı sərgi və ədəbi-bədii kompozisiya təşkil olunub.
Tədbirdə Sumqayıt Reabilitasiya Mərkəzində bərpa müalicəsi kursu keçən əlilliyi olan şəxslərin yaradıcılıq nümunələri təqdim edilir.
Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində “Vətən bağı al-əlvandır” adlı sərgi və ədəbi-bədii kompozisiya təşkil olunub.
Sərgidə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzində bərpa müalicəsi kursu keçən əlilliyi olan şəxslərin Vətənə, dövlətə, ötən il Vətən müharibəsində ölkəmizin əldə etdiyi tarixi Zəfərə, milli-mənəvi dəyərlərimizə həsr olunmuş əl işləri və ifaları təqdim edilir.
20-dən çox əlilliyi olan şəxsin yaradıcılıq nümunələrini təqdim etdiyi tədbirdə hökumət və qeyri-hökumət qurumlarından, Sumqayıt İH-dən nümayəndələr, millət vəkilləri, qazilər, əlilliyi olan şəxslər və b. iştirak edib.
2019-2020-ci illərdə və cari ilin ötən dövründə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Onlardan biri də Sumqayıt Reabilitasiya Mərkəzidir.
Müəssisədə əlilliyi olan şəxslər tibbi-sosial reabilitasiya xidmətləri ilə təmin edilməklə, onlar peşə-əmək reabilitasiyasına da cəlb olunurlar. Mərkəzdə əlilliyi olan şəxslərin tətbiqi sənət növləri üzrə bacarıqlara yiyələnmələri üçün kurslar da təşkil edilir.