Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Vətən müharibəsinin beşinci ildönümü münasibətilə Vətən müharibəsi iştirakçısı, o cümlədən şəhid ailəsi üzvü olan əməkdaşlarla görüş keçirilib.
Görüşdə Agentliyin İdarə Heyəti sədri Ramin Rzayev bildirib ki, beş il öncə Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tarixi ədaləti bərpa etdi, torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq göstərdi. Bu Zəfər təkcə döyüş meydanında qazanılmadı. Bu Zəfər həm də xalqımızın iradəsi, səbr və birliyinin, dövlətimizin qüdrətinin təntənəsi idi.
Qeyd edilib ki, Vətən müharibəsindən sonra qarşıya qoyulan əsas məqsədlərdən biri qazilərimizin, müharibə iştirakçılarının, şəhid ailələrinin sosial müdafiəsinin və reabilitasiyasının, cəmiyyətə inteqrasiyasının təmin edilməsi idi. Bu istiqamətdə Agentlik üzərinə düşən məsul və şərəfli vəzifəni layiqincə yerinə yetirib və yetirməyə də davam edir. Son illərdə Agentliyimiz tərəfindən müharibə veteranları və qazilər üçün müasir reabilitasiya xidmətləri, psixoloji dəstək proqramları, ən son standartlara cavab verən protezlərlə təminat kimi mühüm işlər həyata keçirilib.
Tədbirdə Agentliyin Vətən müharibəsi iştirakçısı, o cümlədən şəhid ailəsi üzvü olan əməkdaşlarına təltifnamələr təqdim edilib.