03.02.2023

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində bir qrup fəal əlilliyi olan şəxslə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində bir qrup fəal əlilliyi olan şəxslə görüş keçirilib. 


Tədbir Agentliyin fəaliyyəti, əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri barədə məlumat vermək, həmçinin onların rəy və təkliflərini öyrənmək məqsədi daşıyıb.


Agentliyin İdarə Heyəti sədrinin müavini Ramin Rzayev görüş iştirakçılarının diqqətinə çatdırıb ki, son illərdə ölkəmizin reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurulub. 2018-2022-ci illərdə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib, Qəbələ Uşaq Reabilitasiya Mərkəzi açılıb. Yaxın vaxtlarda Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzi də istifadəyə veriləcək. 


Görülən işlər reabilitasiya mərkəzlərinin potensialının və reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının 5 dəfə artmasına imkan verib. 


Agentliyin tabeliyində fəaliyyət göstərən 15 reabilitasiya müəssisəsində əlilliyi olan şəxslərə səmərəli fizioterapevtik müalicə prosedurlarının, həmçinin sosial-psixoloji xidmətlərin göstərilməsindən bəhs olunub.


Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı sahəsində aparılan işlər də diqqətə çatdırılıb.


Görüşdə əlilliyi olan şəxslər üçün inkluzivlik imkanlarının genişləndirilməsi, təqdim edilən reabilitasiya vasitələrinin və göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib. Belə görüşlərin mütəmadi keçirilməsi nəzərdə tutulub.