16.06.2023

Səmərəli fəaliyyəti ilə seçilən əməkdaşlara Nazirliyin Təşəkkürnamələri təqdim olunub

17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tibbi-sosial ekspertiza və reabilitasiya xidməti əməkdaşları ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev tibbi-sosial ekspertiza və reabilitasiya xidməti əməkdaşlarını peşə bayramları münasibətilə Nazirliyin rəhbərliyi adından təbrik edib. 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq aparılan sosial islahatların əlillik və reabilitasiya sistemini də əhatə etdiyi bildirilib. Ötən ilin iyul ayından əlilliyin qiymətləndirilməsi sistemində tətbiq edilən yeni meyarların əhəmiyyəti, son illər ölkəmizdə müasir reabilitasiya sisteminin qurulması sahəsində atılan mühüm addımlar qeyd edilib. 

Əsas hədəfin əlilliyi olan şəxslərin tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində  vətəndaş məmnunluğuna uyğun keyfiyyətli xidmətlərlə təmin edilməsi olduğu vurğulanıb. Bu sahədə aparılan işlərdə daim əzm və peşəkarlıqla, səylə çalışaraq töhfəsini verən əməkdaşlara təşəkkür ifadə edilib.

Görüşdə səmərəli fəaliyyəti ilə seçilən əməkdaşlara Nazirliyin Təşəkkürnamələri təqdim olunub.