Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək reabilitasiya tədbirlərinə cəlb edilən 30 ukraynalı uşağın “Qəbəland” Əyləncə Mərkəzinə və Şəki şəhərinə ekskursiyaları təşkil edilib.
Onlar Qəbələ və Şəkidə dünya, eləcə də yerli əhəmiyyətli tarixi-memarlıq abidələri, Şəki Xan Sarayı, Karvansaray və Şəki mətbəxi ilə tanış olublar.
Ukraynalı uşaqların reabilitasiya müddəti ərzində ölkəmizin digər regionlarına da səfərləri təşkil ediləcək.
Qeyd edək ki, Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində yerləşdirilən uşaqların 15 günlük sosial reabilitasiya proqramı çərçivəsində emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərilir.
Onlar müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya, əmək terapiyası, peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyalarında iştirak edirlər.