Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları Türkiyənin nüfuzlu Başkent Universiteti ilə #əməkdaşlıq çərçivəsində uzunmüddətli #təlim proqramına cəlb olunub.
Başkent Universitetinin rektoru Dr. İbrahim Haldun Müderrisoğlu təlim proqramının ilk modulunu bitirərək, imtahanda yüksək nəticə əldə etmiş əməkdaşlarla onlayn şəkildə görüşərək onlara sertifikatlar təqdim edib. O, göstərilən xidmət keyfiyyətinin təkmilləşdirilməsi üçün iki qurum arasındakı əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov, modern yanaşmalara dair təcrübə mübadiləsinin həyata keçirilməsində bu cür təlimlərin xüsusi rol oynadığını vurğulayıb.
4 moduldan ibarət uzunmüddətli proqramın “Fizioterapiyanın əsasları” üzrə ilk modulunun təlimlərinə Agentliyin reabilitasiya müəssisələrinin müalicəvi bədən tərbiyəsi təlimatçıları cəlb edilib. 2 aya yaxın davam edən modulun yekununda əməkdaşlar öyrənilən biliklərin yoxlanılması məqsədilə imtahanda iştirak ediblər.
Xatırladaq ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Başkent Universiteti arasında bu ilin mart ayında imzalanmış #Memorandumda reabilitasiya mərkəzlərində göstərilən xidmətlərin effektiv və səmərəli təşkili, bu sahədə kadr potensialının bilik və peşəkarlıq səviyyələrinin artırılması, #reabilitasiya sahəsində tətbiq olunan modern yanaşmalara dair məlumat və təcrübə mübadilələrinin həyata keçirilməsi kimi əməkdaşlıq istiqamətləri əksini tapır.