30.10.2023

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində vətəndaş cəmiyyəti institutlarının rəhbərlərinin iştirakı ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində vətəndaş cəmiyyəti institutlarının rəhbərlərinin iştirakı ilə görüş keçirilib. 

Agentliyin İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədov korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. V.Məmmədov Agentliyin korrupsiyaya qarşı mübarizə sahəsində gördüyü işlər barədə də məlumat verib. 

Görüşdə qeyd olunub ki, şəffaflığın qorunması və operativliyin daha da artırılması, vətəndaş məmnuniyyətinin təmin olunması məqsədi ilə əlillik elektron qiymətləndirilir və proaktiv qaydada həyata keçirilir. Tibb müəssisəsi tərəfindən daxil edilən göndərişlər adsızlaşdırıldığı üçün vətəndaş-məmur ünsiyyəti də minimuma endirilib. 

Vətəndaş cəmiyyəti institutlarının rəhbərləri isə korrupsiyaya qarşı mübarizə sahəsində dövlət qurumları ilə bu cür əməkdaşlığın səmərəli olduğunu və olduqca müsbət effekt verdiyini bildiriblər.

QHT nümayəndələri müəssisədə əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri ilə tanış olublar.