31.10.2023

DTSERA-da Litvanın nümayəndə heyəti ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyinin tabeliyindəki Əlilliyin və Əmək Qabiliyyətinin Qiymətləndirilməsi Ofisinin rəhbəri Vytaute Polujanskienenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə ölkəmizdə əlilliyin qiymətləndirilməsi və reabilitasiyasında tibbi modeldən sosial modelə keçidin öyrənilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Əlillik və reabilitasiya sahəsində aparılan islahatlar, əlilliyin qiymətləndirilməsində yeni meyarlar, əlilliyi olan şəxslər üçün yaradılan müasir reabilitasiya infrastrukturu barədə məlumat verilib.

Səfər çərçivəsində qonaqlar Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi, Respublika Reabilitasiya Mərkəzi və Tibbi-Sosial Ekspertiza Mərkəzi şöbəsində əlilliyi olan şəxslərin reabilitasiyası, reabilitasiya vasitələri ilə təminat və əlilliyin qiymətləndirilməsi prosesləri ilə tanış olublar.

Nümayəndə heyəti ölkəmizdə əlilliyin qiymətləndirilməsi və reabilitasiyası sahəsində həyata keçirilən islahatları və tətbiq olunan innovativ yanaşmaları yüksək qiymətləndirib.