06.11.2023

Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının iştirakı ilə ağacəkmə aksiyası keçirilib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Zəfər Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, qeyri-hökumət təşkilatlarının üzvləri, şəhid ailəsi üzvləri, Vətən müharibəsi veteranları, həmçinin DOST və Ekokönüllüləri iştirak ediblər.

Tədbirdə yüksək texnologiyalı protezlərlə təmin olunmuş müharibə iştirakçılarının da ağac əkməsi böyük maraqla qarşılanıb. 

Aksiya zamanı 1 hektar ərazidə torpaq-iqlim şəraitinə uyğun 600-dən çox zeytun və şam ağacları əkilib.

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.