14.11.2023

“Bütün Vücudlar Danışır” adlı sosial layihə üzrə növbəti təlim keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və “DanceAbility Azərbaycan” İnklüziv Rəqs Şirkətinin birgə təşkilatçılığı ilə “Bütün Vücudlar Danışır” sosial layihəsi üzrə növbəti təlim keçirilib.

Təlimdə gənclər və idman naziri Fərid Qayıbov və nazir müavini Mariana Vasileva da iştirak ediblər.

Layihənin əsas məqsədi əlilliyi olan şəxslərin həyat keyfiyyətinin yüksəldilməsi, inklüzivlik, bərabərlik və müyəssərlik meyarlarının artırılmasıdır.

Layihədə Agentliyin reabilitasiya müəssisələrində müalicə-bərpa kursu keçən əlilliyi olan şəxslər iştirak edir.

Su İdman Sarayında keçirilən layihədə əlilliyi olan şəxslərə “DanceAbility” metodu ilə təhlükəsiz və qərəzsiz mühit yaratmaq, insanlara vücud vasitəsilə öz emosiyalarını ifadə etmək, həmçinin empatiya əsaslı ünsiyyət və münasibət qurmağın yolları barədə praktiki təlimlər keçirilir.

Rəqs terapiyasına əsaslanan inkluziv proqram əlilliyi olan şəxslərin yeni bacarıqlarının formalaşması, eləcə də onların sosiallaşması üçün şərait yaradır.