20.11.2023

Berlində keçirilən Almaniyadakı azərbaycanlı həkimlərin II Forumunda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndə heyəti iştirak edib

“Heydər Əliyev İli” çərçivəsində Berlində keçirilən Almaniyadakı azərbaycanlı həkimlərin II Forumunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndə heyəti iştirak edib. 


Forumda Agentliyin Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri Bahadur Rzayev “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin reabilitasiyası haqqında: görülmüş işlər və hədəflər“ mövzusunda məruzə ilə çıxış edib.

O, Agentliyin tabeliyində 15 reabilitasiya mərkəzinin fəaliyyət göstərdiyini, bu mərkəzlərdə 18 yaşa qədər və 18 yaşdan yuxarı əlilliyi olan şəxslərin reabilitasiya, sosial-psixoloji reabilitasiya xidmətlərinin, həmçinin reabilitasiya vasitələləri ilə təminatının həyata keçirildiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə reabilitasiya xidmətlərinin göstərilməsi Agentliyin əsas prioritet istiqamətlərindən birinə çevrilib. 


Sosial dəstək proqramı çərçivəsində Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan 448 şəxs 467 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib.


Forumda mövcud reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması və genişləndirilməsi istiqamətində görülən işlərə də toxunulub.