25.11.2023

Sumqayıt Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə 3 Dekabr Beynəlxalq Əlilliyi olan şəxslər günü ilə bağlı tədbir təşkil olunub

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyindəki Sumqayıt Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə 3 Dekabr Beynəlxalq Əlilliyi olan şəxslər günü münasibəti ilə “Özünlə fəxr et” adlı tədbir təşkil olunub.

Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə bərpa xidmətlərinə cəlb edilən əlilliyi olan şəxslərin iştirakı ilə artistik yoqa, həmçinin, əl işlərindən ibarət sərgi nümayiş olunub.

Mərkəzin əməkdaşları və əlilliyi olan şəxslərin iştirakı ilə “Bizi duyun” adlı videoçarx təqdim edilib, Sumqayıt Musiqi Kollecinin xanəndələri və əlilliyi olan şəxslərin birgə musiqili ifaları və rəqs nömrələri təqdim edilib.

Tədbirdə Agentliyin Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri Bahadur Rzayev son illər reabilitasiya xidmətləri sahəsində görülən işlər barədə çıxış edib, reabilitasiya infrastrukturunun genişləndirilməsi, gələcək hədəflər barədə məlumat verib.

Qeyd edək ki, Sumqayıt Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslər tibbi-sosial reabilitasiya xidmətləri ilə təmin edilməklə yanaşı, peşə-əmək reabilitasiyasına da cəlb olunurlar. Mərkəzdə əlilliyi olan şəxslərin tətbiqi sənət növləri üzrə bacarıqlara yiyələnmələri üçün kurslar da təşkil edilir.