25.01.2024

Əlilliyi olan 1700-ə yaxın şəxsə evlərində səyyar formada reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yaşayış yerini tərk etməkdə və nəqliyyatdan istifadədə çətinlik çəkən əlilliyi olan şəxsləri yaşadıqları ünvanlarda da (səyyar) reabilitasiya xidmətləri ilə təmin edir.

Qurum tərəfindən 2022-ci ildən bu istiqamətdə xidmətlərə başlanıb. Bu ilin əvvəlinədək artıq əlilliyi olan 1700-ə yaxın şəxsə yaşadıqları ünvanlarda reabilitasiya xidmətləri göstərilib.

Səyyar xidmətlərdən yararlanmaq istəyən əlilliyi olan şəxs (və ya onun qanuni nümayəndəsi) Nazirliyin "142 Çağrı Mərkəzi"nə, eləcə də DOST Mərkəzləri və ya ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edir.

Müraciətə əsasən Agentliyin müvafiq reabilitasiya mərkəzinin həkim və psixoloqlarından ibarət səyyar briqadası şəxsin yaşadığı ünvanda ilkin müayinə və qiymətləndirməsini aparır. 

Şəxsin faktiki vəziyyəti səyyar xidmətlər üçün uyğun olduğu halda icra olunacaq prosedurların tarixi, sayı və müddəti müəyyən olunaraq ona fərdi reabilitasiya proqramı əsasında səyyar reabilitasiya xidmətlərinin göstərilməsinə başlanır. Bu xidmətlərə həkim və psixoloq müayinəsi, loqoped seansı, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi, əmək terapiyası və s. daxildir.