13.02.2024

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində “Yüksəliş” müsabiqəsi qalibləri ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində III “Yüksəliş” müsabiqəsinin qalibləri İlahə Baxışova və Toğrul Ələkbərovla görüş keçirilib.


Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov müsabiqə qaliblərini təbrik edərək onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb.


O, hər iki qalibə təcrübə imkanlarını artırmaları və potensiallarını üzə çıxarmaları üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən də zəruri şərait yaradılaraq dəstək göstəriləcəyini qeyd edib.


Agentliyin fəaliyyəti, əlillik və reabilitasiya sahələrində qabaqcıl dünya təcrübəsi əsasında həyata keçirilən islahatlar, əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri, müasir reabilitasiya infrastrukturu barədə müsabiqə qaliblərinə məlumat verilib.


İlahə Baxışova və Toğrul Ələkbərov səmimi görüşə və yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər. Qaliblər Agentliyin əldə etdiyi uğurlar və görülmüş işlərlə bağlı öz fikirlərini bölüşüblər.