09.04.2024

Sumqayıt Reabilitasiya Mərkəzi “Yaşılı sev” adlı ağacəkmə aksiyası keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt Dənizkənarı Bulvarında “Yaşılı sev” adlı ağacəkmə aksiyası keçirilib.  

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirdə Mərkəz əməkdaşları ilə yanaşı, müəssisədə müalicə kursu keçən əlilliyi olan şəxslər, eləcə də Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər iştirak edib. 

Bulvar ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun şam ağacları əkilib. Tədbir iştirakçıları “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş əl işlərindən ibarət inklüziv sərgi ilə də tanış olublar. 

Ağacəkmə aksiyasının məqsədi ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpası və artırılmasına töhfə verməkdir.