16.05.2024

18 yaşınadək əlilliyi olan şəxslər üçün “RehaBus” (Reabilitasiya avtobusu) fəaliyyət göstərir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 18 yaşınadək əlilliyi olan şəxslər üçün “RehaBus” (Reabilitasiya avtobusu) fəaliyyət göstərir. 

Bakı və ətraf ərazilərdə yaşayan əlilliyi olan şəxslərin ambulator və icma əsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmağa xidmət edən layihə həmin şəxslərin müvafiq reabilitasiya müəssisəsinə asan, rahat şəkildə çatmasını təmin edir. 

Təkərli oturacaqlardan istifadə edən şəxslərin xidmətdən daha rahat yararlanması, müyəssərliyin təmin edilməsi məqsədilə avtobuslara qaldırıcı qurğular da quraşdırılıb. 

Reabilitasiya avtobusları Bakı və Sumqayıt şəhərlərində əvvəlcədən təyin edilmiş gözləmə məntəqələrindən əlilliyi olan uşaqları (onları müşayiət edən yaxınları ilə birgə) götürərək Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır.

Reabilitasiya proseduru bitdikdən sonra isə onlar yenidən geri qaytarılırlar.