06.06.2024

Əlilliyi olan şəxslər Yoqa Festivalında iştirak ediblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı Reabilitasiya Mərkəzində bərpa müalicə kursu keçən əlilliyi olan şəxslər Yoqa festivalında iştirak ediblər.

Hindistanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilən festivalda, ümumilikdə, 150-ə yaxın şəxs iştirak edib.

Festival çərçivəsində iştirakçılar yoqa məşqləri ilə yanaşı, tarixi abidə ilə tanış olublar. 

Qeyd edək ki, Agentliyin 15 reabilitasiya müəssisəsində xidmət alan əlilliyi olan şəxslər həm əyani, həm də telereabilitasiya formasında yoqa məşqlərə cəlb olunurlar.

Yoqa ilə müntəzəm məşğul olmaq emosional fona, stresə davamlılığa, dayaq-hərəkət aparatının və qandövranı, ürək-damar və tənəffüs sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Bu baxımdan alternativ reabilitasiya metodu kimi yoqa təlimlərinin davamlı şəkildə həyata keçirilməsi məqsədəuyğun sayılır.