15.07.2024

476 hərbçi 572 ədəd yüksək texnologiyalı protezlə təmin edilib

Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial dəstəklə əhatə olunması və reabilitasiyası üçün aparılan işlərin bir istiqaməti də həmin şəxslərin yüksək texnologiyalı, son nəsil protezlərlə təmin edilməsidir.

Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən I və II Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan  476 hərbçi 572 ədəd yüksək texnologiyalı, son nəsil protezlə təmin edilib.

Ötən ildən Vətən müharibəsi iştirakçılarının müasir idman protezləri ilə təminatına da başlanılıb.

Aktivlik və funksionallığı ilə seçilən yüksək texnologiyalı protezlərlə istifadəçi köməkçi vasitələr olmadan sərbəst, sabit, inamlı hərəkət imkanına malik olur. Bu protezlərlə sosial həyata daha tez və rahat inteqrasiya edir, hətta idmanla məşğul olaraq idman yarışlarında da iştirak edə bilir.